"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il , N 5, maddə 348; 1999-cu il, N 11, maddə 609; 2000-ci il, N 11, maddə 776; 2001-ci il, N 9, maddə 576, N 12, maddələr 733, 736; 2002-ci il, N 12, maddə 706; 2004-cü il, N 7, maddə 505; 2004-cü il 29 oktyabr tarixli 784-II QD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
- 4-cü maddənin ikinci hissəsinin beşinci abzasının və 6-cı maddənin birinci hissəsinin dördüncü abzasının sonuna "(qanunvericiliklə müəyyən olunmuş dövr üçün)" sözləri əlavə edilsin.
- 14-cü maddədə:
1) üçüncü hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"seçkili orqanlar və bütün işəgötürənlər üçün - hesablanmış əməyin ödənişi fondunun 22 faizi miqdarında;";
2) üçüncü hissənin üçüncü abzası çıxarılsın;
3) üçüncü hissənin onuncu abzasında "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilsin;
4) altıncı hissənin üçüncü cümləsində "əmək haqqı ödənişləri ilə eyni vaxtda" sözlərindən sonra "və həmin ödənişlərin həcminə uyğun tam məbləğdə" sözləri əlavə edilsin;
5) altıncı hissənin dördüncü və beşinci cümlələri çıxarılsın;
6) yeddinci hissə səkkizinci hissə sayılsın;
7) aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır:
sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu Qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir;
hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;
sığortaedənin cari və digər hesablarında vəsait olduqda məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir;
sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir;
sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir;
məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır;
məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının alınması haqqında sərəncamı bir neçə bank və kredit təşkilatına verildikdə və bu zaman məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər hansı cari, valyuta və digər hesabından məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alındıqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı digər banklara və ya kredit təşkilatlarına həmin borc və maliyyə sanksiyalarının alınması üçün vermiş olduğu sərəncamların və artıq alınmış vəsaitlərin dərhal geri qaytarılmasını təmin edir;
sığortaedən hüquqi şəxs olmadıqda borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.";
8) aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:
"Fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları (işəgötürənlər) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azaddırlar (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" nın icrası müddətində).".
- 21-ci maddədə:
1) birinci hissənin doqquzuncu abzasında "eləcə də" sözlərindən əvvəl "habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliuyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə," sözləri əlavə edilsin;
2) ikinci hissədə "hesabından" sözündən sonra "bu Qanunun 14-cü maddəsinin yeddinci hissəsinə uyğun olaraq" sözləri əlavə edilsin.
II. Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2004-cü il
N 794