Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərindən ibarət nümayəndə heyəti  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar. 9.1.2012
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar.
Azərbaycanda səfərdə olan nümayəndə heyəti yanvarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonaqlara məlumat vermişdir ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalmış, tarixi torpaqlarına təcavüz edilmişdir. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub Azərbaycana pənah gətirmiş, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşmışlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min soydaşımızı itirmişik, 50 min nəfər əlil olub, 100 min nəfərdən artıq adam müxtəlif bədən xəsarəti alıb. Azərbaycana 60 milyard dollar ziyan dəyib. Məcburi köçkünlər Bakıda 1043 obyektdə, o cümlədən 262 belə yataqxanada yığcam məskunlaşmışlar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncam uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 20 min ailə, yəni 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır.
2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcəkdir.
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az