Finlandiyalı deputatlar Ağdam rayonuna   səfər etmişlər. 11.1.2012
Finlandiyalı deputatlar Ağdam rayonuna səfər etmişlər.
Azərbaycanda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 11-də Ağdam rayonuna gəlmişdir.
Finlandiya parlamentinin nümayəndə heyətinin üzvləri, həmçinin Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olmuşlar. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı ətraflı məlumat verilmişdir.
Sonra Finlandiya parlamentinin nümayəndə heyəti 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədə məcburi köçkün Əli Əliyevin mənzilində olmuş, ailənin şəraiti ilə maraqlanmışdır.
Daha sonra nümayəndə heyətinin üzvləri Quzanlı qəsəbəsindəki Mədəniyyət Evinə gəlmişlər. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov məlumat vermişdir ki, mədəniyyət evi əsaslı təmir olunmuş və 20 illik köçkünlük həyatı keçirən Ağdam Dövlət Dram Teatrının istifadəsinə verilmişdir. Qonaqlar “O kənd bizim kəndimizdir” tamaşasına baxmışlar.
Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanerva jurnalistlərə bildirmişdir ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri haqqında daha ətraflı məlumat əldə etməkdir.
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az