Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak etmişdir 25.1.2012
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak etmişdir
Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 21-də Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.
Qeyd edildi ki, buradakı mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülmüşdür. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilmişdir.
Bildirildi ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli beşmərtəbəli 12 binadan ibarət bir məhəllə salınmışdır.
Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində oldu. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı məcburi köşkün ailəsi ilə söhbət etdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinlədi, onlarla xatirə şəkli çəkdirdi.
Daha sonra dövlətimizin başçısı yeni məhəllənin sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az