Qaradağlı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir 18.2.2012
Qaradağlı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir
Fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı və anma mərasimi keçirilmişdir.
Mərasimdə Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, ziyalılar və KİV təmsilçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı ermənilər tərəfindən 118 nəfər girov götürülmüş, 33 nəfər yerindəcə güllələnmişdir. Ermənilər öldürülmüş və yaralanmış azərbaycanlıları quyulara tökərək basdırmışlar. Bundan başqa, girov götürülən azərbaycanlılardan 68 nəfər öldürülmüş, 50 nəfər isə böyük çətinliklərlə sonradan əsirlikdən azad edilmişlər. Girovluqdan azad edilən soydaşlarımızdan 18 nəfər erməninin verdikləri işgəncələr və törədilən fəsadlar nəticəsində vəfat etmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfəri öldürülmüş, 42 ailədə isə ailə başçısı qətlə yetirilmiş, 140-a yaxın uşaq yetim qalmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, o cümlədən də Qaradağlı faciəsinə hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışdır. Baş nazirin müavini Qaradağlı qətliamına həsr olunmuş filmin digər dillərə tərcümə olunaraq xaricdə yayımlanması üçün göstəriş verildiyini demişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev Xocalıya qədər neçə-neçə soyqırımların və faciələrin baş verdiyini demişdir. Hərbi prokuror təkcə Qaradağlı, Xocalı deyil, ermənilərin bu vaxta qədər törətdikləri bütün soyqırımı və faciələrin hüquqi qiymətinin verilməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə soyqırımı yaşamış Qaradağlı sakinləri də çıxış etmiş, üzləşdikləri faciələri anlatmışlar.
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az