|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Avropalı diplomatlar məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşlar Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Aİ-nin üzvü olan dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar iyunun 27-də məcburi köçkünlərlə görüşmüşlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə diplomatlar əvvəlcə Binəqədi rayonunda yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraiti ilə tanış olmuşlar. Yataqxanadakı şəraitlə maraqlanan diplomatlar Ağdam rayonundan olan məcburi köçkün Məhərrəm Hüseynovun ailəsinin yaşadığı otağa baxmışlar. Dövlət tərəfindən onların qayğılarının, problemlərinin aradan qaldırılması istiqamətində mütəmadi qaydada tədbirlərin həyata keçirildiyini vurğulayan M.Hüseynov bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzusunda olduğunu bildirmişdir. Diplomat qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulamış, təmsil etdikləri ölkələrin ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəklərini demişlər. Sonra avropalı diplomatlar Sabunçu rayonunun Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış olmuşlar. QMKİDK-nın sədr müavini Gəray Fərhadov 2007-ci ilin mayında Ramana ərazisində məcburi köckünlər üçün salınmış qəsəbənin Malıbəyli kəndinin 1315 sakininin istifadəsinə verildiyini bildirmişdir. O, malibəylilərlə birlikdə yeni şəhərcikdə ermənilər tərəfindən işğal olunmuş Ağdam, Laçın, Füzuli, Xocavənd rayonlarından, eləcə də Xocalı şəhərindən olan məcburi köçkünlərin də məskunlaşdığını diqqətə çatdırmışdır. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia qaçqın və məcburi köçkünlərin vəziyyətini hər zaman diqqət mərkəzində saxladıqlarını qeyd etmişdir. Vurğulanmışdır ki, avropalı diplomatların məcburi köçkünlərlə görüşü, onların problemləri ilə maraqlanmaları təqdirəlayiqdir. Sevindirici haldır ki, məcburi köçkünlər də daxil olmaqla hər kəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Sonda Malıbəyli kənd uşaq musiqi məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||