"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1338
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib .
Mətbuat xidmətinin məlumatı 07 Avqust, 2014
Avqustun 6-da Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də ölkədə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına əsasən, Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Bu da təbii ki, Azərbaycanda sosial sahədə vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdən biridir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını” bildirən Prezident İlham Əliyev verdiyi vədə əməl edib. 2007-ci ilin dekabrında ölkədəki sonuncu çadır düşərgəsi tarixə qovuşub. Ötən müddətdə çadır düşərgələri ləğv edilərək məcburi köçkünlər üçün bütün infrastruktura malik yeni qəsəbələr salınıb. Onlardan biri də Ağdam rayonunda məcburi köçkün ailələri üçün salınan yeni qəsəbədir. Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Dövlət başçısının 2004-cü ildə imzaladığı Sərəncamla məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul olunub. 2003-2013-cü illərdə 80-dək qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllələr salınıb, 25 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. 2014-cü ilin avqust ayına olan məlumata əsasən, bu qəbildən olan insanlar üçün indiyədək 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb. Beləliklə də, 42 min ailənin və ya 190 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. 2014-cü ildə 21 min nəfər üçün daha 7 qəsəbənin salınması nəzərdə tutulur. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2,1 milyard manatı onların mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Həmin vəsaitin 1,8 milyard manatı Dövlət Neft Fondunun xətti ilə ayrılıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınmış qəsəbə barədə məlumat verdi. Bildirildi ki, qəsəbə Ağdam rayonundan olan 632 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Bu, qaçqın və məcburi köçkünlər üçün salınmış 83-cü yaşayış kompleksidir. 70 hektar sahəni əhatə edən qəsəbədə 632 mənzillə yanaşı, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunub. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş aparılıb. Buraya Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində ağır şəraitdə yaşayan 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Azərbaycan Prezidenti qəsəbədəki mənzillərdən birində yaradılmış şəraitlə tanış oldu. Dövlət başçısı qəsəbənin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Prezident İlham Əliyev yeni qəsəbədə çövgan oyununu izlədi. Dövlət başçısı qəsəbədəki 135 nömrəli tam orta məktəbdə də oldu. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. Yeni qəsəbə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı -Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Bu gün çox gözəl bir gündür. Ağdam rayonunda yeni qəsəbə istifadəyə verilir. Çox gözəl qəsəbədir. Burada ağdamlılar yaşayacaqlar. Bütün şərait yaradılıb, - 632 ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, yollar, – lazımi infrastruktur yaradılıbdır ki, insanlar burada rahat yaşasınlar. Burada vətəndaşlar indiyədək çox ağır şəraitdə yaşayıblar. Yeraltı qazmalarda, qamış evlərdə uzun illər əziyyət çəkiblər. İndi onların həyatında yeni dövr başlayır, burada rahat yaşayacaqlar. Ancaq, əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik. Eyni zamanda, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün dövlət əməli-praktiki addımlar atır. Dövlət Proqramı qəbul olunmuşdur, sonra proqrama əlavələr edilmişdir və son illər ərzində 80-dən çox qəsəbə tikilmişdir. Bütün qəsəbələrdə ən yüksək standartlar tətbiq olunur, ən yaxşı şərait yaradılır, vətəndaşlar müasir evlərdə, hündürmərtəbəli binalardakı mənzillərdə yaşayırlar və Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün addımlar atacaqdır. Hazırda məcburi köçkünlərdən 190 mini yeni evlərə, mənzillərə köçürülübdür. Ağdam rayonunda isə bu qəsəbə sayca 18-cidir. Artıq yeni tikilmiş 17 qəsəbədə vətəndaşlar yaşayır. Ağdam rayonunun əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşmışdır. Bu, çox sevindirici haldır. Çünki vaxtilə bu qəsəbələrin yaradılması o məqsədi güdürdü ki, sakinlər öz kəndlərində yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma kəndlərinə daha yaxın olarlar. Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq. Köçkünlər arasındakı yoxsulluq da aşağı düşür, məşğulluq artır, iş yerləri açılır. Yəni bu işlər ardıcıllıqla davam etdiriləcək və bu il hələ bir neçə qəsəbənin açılışı gözlənilir. Gələn il də bu proses davam etdiriləcək. Bütövlükdə, Ağdam rayonunun inkişafı ilə bağlı son illərdə böyük işlər görülmüşdür. Sosial obyektlər, məktəblər tikilir. Hər bir qəsəbədə gözəl məktəb tikilib. Bu məktəb də çox gözəl, böyük məktəbdir. Eyni zamanda, kəndlərdə olan məktəblər təmir olunur, Olimpiya kompleksi, rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilibdir. İnfrastruktur layihələri icra edilir. Ağdamda demək olar ki, qazlaşma 100 faizə yaxındır. Əvvəlki dövrdə, ümumiyyətlə, qaz yox idi. İndi mənə məlumat verildi ki, cəmi bir kəndə qaz verilmir və oraya da veriləcək. Beləliklə, 100 faiz qazlaşma təmin ediləcək. Elektrik enerjisi ilə təchizat yaxşıdır. İçməli su məsələləri həll olunur, artezian quyularının qazılması prosesi davam etdirilir. Kənd yolları abadlaşır, tikilir. Bir müddət əvvəl Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına bir neçə kəndi birləşdirən yol çəkilmişdir. Bilirəm ki, yol çəkilişinə yenə də ehtiyac var. Ona görə də əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, biz qalan yolları da abadlaşdıraq. Bir sözlə, rayonun inkişafı üçün əlimizdən gələni edirik, edəcəyik. Ağdam rayonunun çox böyük potensialı vardır. Bu gün də bu potensial ölkəmiz üçün lazımdır. Ağdamlılar müharibə zamanı böyük itkilər vermişlər. Ən çox şəhidi olan rayon Ağdam rayonudur. Ağdamlılar böyük qəhrəmanlıq göstərmişlər. Ağdamdan olan Milli qəhrəmanlarımız xalqımız üçün qürur mənbəyidir və bu gün Azərbaycan Ordusu öz mövqelərini möhkəm qoruyur. Mən bu gün səhər düşmənlə təmas xəttində idim. Orada vəziyyətlə tanış olurdum. Mənə müntəzəm olaraq məlumat verilir. Ancaq təmas xəttində olarkən vəziyyətlə əyani şəkildə tanış oluram, müvafiq göstərişlər verilir. Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər vermişdir, bir neçə hərbçi şəhid olmuşdur. Allah onlara rəhmət eləsin! Ancaq, eyni zamanda, deyə bilərəm ki, onların qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurmuşdur. Bizdə olan məlumata görə, onlarla işğalçı məhv edilmişdir. Ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olmuşdur və bu hadisələrdə biz qələbə qazanmışıq. Bu, həmişə belə olacaq. Azərbaycan Ordusu güclü ordudur. Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, böhran, anarxiya bu vəziyyətə gətirib çıxarıb. Torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Ancaq, eyni zamanda, Füzuli istiqamətində bir neçə kəndi geri qaytara bilmişik və indi orada həyat canlanır, quruculuq-abadlıq işləri aparılır. Yəni biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra da bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik. Bu gün Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparılır. Gələcək perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır, sabitlik adasıdır. Biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra bütün şəhərlərimizi, o cümlədən Ağdam şəhərini bərpa edəcəyik. İndi şəhər erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb və yerlə bir edilib. Bizim tarixi abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıbdır. Biz, Ağdamı da, bütün başqa rayonları da bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq. Azərbaycan xalqı - həm yaşlı nəsil, eyni zamanda, gənclər bu arzularla yaşayır. Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir. Müəyyən ümidlər var. Baxmayaraq ki, ağdamlılar da bütün ölkə vətəndaşları kimi vasitəçilərin fəaliyyətindən narazıdırlar. Biz də narazıyıq. Çünki vasitəçilərin əsas missiyası münaqişənin həllidir. Vasitəçilərin missiyası məsələnin dondurulması və yaxud da etimad tədbirlərinin gücləndirilməsi deyil. Onların içində ən böyük etimad tədbiri işğalçı qüvvələrin torpaqlarımızdan çıxması ola bilər. Hər halda, bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır. Müxtəlif bölgələrdə, postsovet məkanında, bildiyiniz kimi, buna oxşar münaqişələr var. Ancaq bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. BMT Təhlükəsizlik Şurasından ali qurum yoxdur. Bu ən yüksək, mötəbər dünya qurumudur. Bu qurum erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdir. Onların heç biri icra edilmir. Onlar icra edilməlidir. İşğalçı qüvvələr bizim torpağımızdan çıxmalıdır. Ondan sonra sülh bərpa oluna bilər. Hazırda biz sülh şəraitində yaşamırıq, atəşkəs şəraitində, ancaq müharibə şəraitində yaşayırıq. Bunu hamı bilməlidir. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq, eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki? Ancaq biz onlardan fərqli olaraq, torpağımızı istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq. Haqq, ədalət, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçün də bir siqnal olacaq ki, bu dözülməz vəziyyət davam edə bilməz. Biz bundan sonra da ölkəmizi inkişaf etdirəcəyik. Bütün istiqamətlər üzrə konkret proqramlar, planlar var və icra edilir. Azərbaycan bu gün dünya miqyasında iqtisadi inkişaf templərinə görə lider dövlətdir. Regionlarda vəziyyət günü-gündən yaxşılaşır. Bütün bölgələrin, xüsusilə də cəbhəyanı bölgələrin inkişafı diqqət mərkəzindədir. Bugünkü açılış da bunun bariz nümunəsidir. Mən bir daha sizi ürəkdən salamlayıram və burada yaşayacaq köçkünləri təbrik etmək istəyirəm ki, onlar müvəqqəti də olsa, - çünki bu, müvəqqəti yaşayış yeridir, - rahat, gözəl şəraitdə yaşayacaqlar. X X X “Azərbaycan Bayrağı” ordenli Qarabağ müharibəsi əlili Baxşeyiş HƏTƏMLİ: Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sizi bütün ağdamlılar adından, Ağdam rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından salamlayıram. Ağdama, qəlbinizin daim döyündüyü Qarabağ torpağına xoş gəlmisiniz. Sizin Ağdam rayonuna bütün səfərləriniz ağdamlıların həyatında, xatirələrində silinməz izlər qoyur. Budəfəki səfəriniz də bütün ağdamlıların yaddaşında bir tarixə çevriləcəkdir. Sizin Ağdam rayonuna ardıcıl səfərləriniz bütün ağdamlılar tərəfindən onlara böyük himayədarlığınızın, diqqət və qayğınızın bariz təcəssümü kimi dəyərləndirilir. Bu gün Sizin sərəncamınızla tikilən və açılışında iştirak etdiyiniz bu gözəl, füsunkar qəsəbə yüzlərlə ağdamlı ailəsinə çox böyük bir hədiyyədir. Belə bir şərait yaratdığınıza, eyni zamanda, tarix baxımından qısa zaman kəsiyində Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə, şöhrətlənməsinə nail olduğunuza, müstəqilliyimizin daimiliyini, əbədiliyini təmin etdiyinizə görə, cənab Prezident, Sizə bütün ağdamlı məcburi köçkünlər adından minnətdarlığımızı bildiririk. Cənab Prezident, tale elə gətirib ki, əməlləri ilə bəşəriyyətə utanc gətirən bir millətlə - erməni ilə qonşu yaşamağa məhkum edilmişik. Tarixin müxtəlif mərhələlərində bu millətin təhriki ilə müharibəyə biz də qoşulmuşuq. 20 ildən artıqdır ki, Azərbaycan xalqı yenə ermənilər tərəfindən başlanmış Qarabağ müharibəsinin ağrı və acılarını yaşayır. Məlumdur ki, bu müharibənin ilk günlərindən ağdamlılar düşmənə qarşı mübarizədə çox böyük vətənpərvərliklə iştirak ediblər. Demək olar ki, əli silah tutan bütün ağdamlılar torpağımızın müdafiəsinə qalxmış və düşmənlə aparılan hərbi əməliyyatlarda 5 min nəfərə qədər ağdamlı vətən oğlu şəhid olmuş, Tanrı ucalığına qovuşmuşdur. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Onların tarixi qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində yaşayır və bu, düşmən üçün bir ibrət dərsidir. Cənab Prezident, bu gün ölkəmizdə çoxlu sayda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri yaşayır. Bu kateqoriyadan olan insanlar Sizin böyük diqqətiniz və qayğınızla əhatə olunublar. Onların bütün hüquqları, qanuni mənafeləri dövlətimiz tərəfindən qorunur. Eyni zamanda, maddi vəziyyətlərinin, həyat şəraitlərinin yaxşılaşması üçün Sizin verdiyiniz ardıcıl fərman və sərəncamları alqışlayırıq. Odur ki, bütün veteranlarımız, əlillərimiz, şəhid ailələrimiz adından Sizə öz minnətdarlığımızı bildiririk. Yer üzündə elə bir ölkə yoxdur ki, orada veteranlara, əlil, şəhid ailələrinə bizim ölkədəki qədər diqqət və qayğı olsun. Cənab Prezident, dədə-babadan qanlarında olan nankorluqdan əl çəkməyən ermənilər bu günlərdə təmas xəttində, Ağdam-Ağdərə istiqamətində kəşfiyyat-təxribat əməliyyatları həyata keçirib və qürur duyduğumuz ordu tərəfindən layiqli cavablarını alıblar. Döyüşlərdə biz də 12 şəhid vermişik. Amma qoy düşmən eşitsin və dərk etsin ki, Azərbaycan xalqı şəhid verməkdən qorxmur. Bu itkilər bizi sarsıtmır, əksinə daha da qürurlandırır. Bizim düşmənə qarşı nifrətimizi, qəzəbimizi daha da artırır, savaşda yumruq kimi birləşməyə çağırır. Qoy düşmənlər bilsin ki, Azərbaycan xalqı torpaq yolunda, vətən yolunda şəhid verməyi bacaran xalqdır. Ermənilər dərk etsin ki, bizim hiss və duyğumuz hansısa siyasi hərbi havadardan gəlmir, babalarımızdan, onların qeyrətindən, qanından qidalanır. Cənab Prezident, Qarabağ savaşında, söz yox ki, qələbə haqqın tərəfindədir. Bu gün haqq bizimlədir və Qarabağ savaşında bizi qələbəyə aparacaq bir yolumuz var. Bu, Prezidentimizin yoludur, İlham Əliyev yoludur. Bu gün öz sözünü deyə biləcək Azərbaycan ordusu var. Bütün Azərbaycan xalqı, bütün tərəqqipərvər bəşəriyyət bilir ki, Siz bəşəri duyğulara malik bir insan, eyni zamanda, humanist bir ölkə başçısı kimi münaqişənin qan tökülmədən başa çatması üçün israrla mübarizə aparırsınız. Sizi əmin edir, eyni zamanda, düşmənlərimizə çatdırırıq ki, 100 min nəfərə qədər azərbaycanlı müharibə veteranı Sizin əmrinizlə müqəddəs Qarabağ savaşına hazırdır. X X X Şəhid anası Məryəm CƏFƏROVA: - Cənab Prezident! Bizim Ağdam rayonuna xoş gəlmisiniz. Sizi bir daha ürəkdən təbrik edirəm. Siz Ağdam rayonuna böyük qayğı göstərirsiniz, bu qədər binalar tikdirmisiniz. Sizin sayənizdə gözəl zalda oturmuşuq. Allah Sizin işinizi avand eləsin. Mən də bir ağdamlı, 10 oğul və iki qız böyütmüş, 20 gündə iki şəhid vermiş ana kimi Sizi səmimi qəlbdən salamlayıram. Gələn ayaqlarınız var olsun. Mənim uşaqlarımın biri Ağdamın Şelli-Maqsudlu kəndində, biri Füzulidə şəhid olub. 18 adamı xilas etdi, özü şəhid oldu. Müharibə qurbansız olmaz. Qalan 8 oğlumu da döyüşə göndərməyə hazıram. Bizə göstərilən qayğı, salınan qəsəbələr hamısı Sizin sayənizdədir. Allah Sizi var eləsin. 1993-cü ildə ermənilər deyirdi: Allah sizi istəyib ki, Heydər babanız köməyə gəlir. Allah ona qəni-qəni rəhmət eləsin. Bütün dünya xalqları Heydər Əliyevin siyasətinə həsəd aparırdı. Siz onun davamçısısınız. Bu bəladan bizi Siz qurtaracaqsınız. Allah köməyinizdə dursun, işinizi avand eləsin. Ermənilərin bizi təzədən yaralamasına, qanımızı axıtmasına baxmayaraq, qanımızı da coşdurub. Oğul anadan olanda deyirlər “düşmən toxmağıdır”. Oğul ölər də, öldürər də. Oğul yaranıb ki, düşmənin qənşərində dayansın. Allah Sizin də işinizi avand eləsin. Bizə bu qədər qayğı göstərirsiniz. Nə etməmisiniz? Torpağı əkirik, pulumuzu verirsiniz, şəhid ailələrinə, veteranlara qayğı göstərirsiniz, ev tikirsiniz. Bundan gözəl nə olar? Siz xalqınıza, eləcə də ağdamlılara tam arxayın ola, güvənə bilərsiniz. Biz də Sizə güvənirik. Bu bəladan bizi Siz qurtaracaqsınız. Allah Sizi var eləsin. Ermənilər qoy eşidib bilsinlər ki, biz dəmir deyilik əyilək, poladıq, hər saat qırılmarıq. Bizi əyən olmaz. Sizin kimi Prezidenti olan ölkə heç vaxt əyilməz, həmişə dəyanətli olacaq. Allah Sizi var eləsin! O Avropadı nədi, bilmirəm, savadsız adamam. Amma Sizin oradakı çıxışınız bütün Azərbaycan xalqını, eləcə də ağdamlıları fərəhləndirib. Yaman dediniz, onların iç üzünü, ikiüzlülüyünü açdınız. Görün, bu dünya nə yaman etibarsızdır. Biz bunlara nə etmişik?! Əməlli-başlı dolanırdıq. Təzədən gəldilər. İki şəhid vermiş anayam, yenə də əyilməmişəm. Bilsinlər, qulaqlarını açıb eşitsinlər ki, heç vaxt da əyilmərik. Bütün şəhid analarına üzümü tutub deyirəm ki, həmişə qürurlu olun, heç vaxt əyilməyin. Bir daha buraya xoş gəlmisiniz. X X X Prezident İlham ƏLİYEV: Sağ olun! Səmimi sözlərə görə sizə minnətdaram. Mən beşinci dəfədir ki, Ağdama səfər edirəm. Hər dəfə burada olarkən, ağdamlılarla görüşərkən görürəm ki, onlarda da nə qədər böyük ruh yüksəkliyi, vətənpərvərlik hissləri vardır. Sizin də qeyd etdiyiniz kimi, müharibə zamanı ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Beş minə yaxın şəhid olub. Ağdamlılar öz doğma torpağını qəhrəmancasına müdafiə etmişlər. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycanda yox idi. Deyə bilərəm ki, onun ümumiyyətlə siyasi səhnədən getməsi ilə bağlı böyük planlar qurulmuşdu. Əfsuslar olsun ki, bu planların içində Azərbaycandan olan bəzi insanlar da olmuşlar. O vaxt Heydər Əliyev “Politbüro”da işləyərkən Azərbaycandan təşkil olunmuş anonim məktublar göndərilirdi. Bir Azərbaycandan göndərilirdi, bir də Ermənistandan. Çünki ermənilər bilirdilər ki, nə qədər Heydər Əliyev hakimiyyətdədir, onlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Buradakı bəzi milli xainlər isə, - əfsuslar olsun ki, bizim cəmiyyətimizdə xarici dairələrin sifarişini yerinə yetirənlər hələ də vardır, - bu tərəfdən anonim məktublar yazmaqla əslində bir məqsəd güdürdülər ki, Heydər Əliyev siyasi səhnədən çəkilsin. 1987-ci ilin sonlarında istefaya göndərilmişdi. Ondan iki həftə keçməmiş, ermənilər Qarabağ iddiasını qaldırmışdılar. Yəni bütün bunlar plan üzrə gedirdi. Ondan sonra Azərbaycanda hakimiyyət başına gətirilən insanlar o planın tərkib hissəsi idi. Çünki o vaxt sovet rəhbərliyi yaxşı bilirdi ki, o insanlar Azərbaycanı idarə edə bilməyəcəklər. Faktiki olaraq ölkə artıq yavaş-yavaş tənəzzülə uğramağa başlamışdı. Əgər müharibə başlanan zaman Heydər Əliyev burada - Azərbaycanda, yaxud sovet rəhbərliyində olsaydı, heç vaxt müharibə başlamazdı. Başlasaydı da, dərhal ermənilərin cavabı veriləcəkdi və bizim torpağımız heç vaxt işğal altına düşməzdi. Yəni bizim böyük faciəmiz o illərdə Heydər Əliyevin, demək olar, təcrid edilmiş vəziyyətdə olması idi. Ancaq buna baxmayaraq, Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra vəziyyət tamamilə başqa istiqamətdə getdi. Azərbaycanın inkişaf yolu başladı. Bu gün Azərbaycan Ermənistanla müqayisədə istənilən parametr üzrə ən azı 10 dəfə güclüdür. Bu gücü biz özümüz - Azərbaycan xalqı, onun zəhməti, istedadı, fədakarlığı nəticəsində yaratmışıq. Heç kim bizə kömək etməmişdir. Ermənilərdən fərqli olaraq, biz öz hesabımıza yaşayırıq və heç kimə möhtac deyilik. Heç kimdən yardım gözləmirik, heç kimə yalvarmırıq. Ancaq ermənilər, onların rəhbərliyi, xarici qüvvələrə güvəndiyini açıq-aydın etiraf edir. Onlar gəlib bizə kömək etsinlər. Son hadisələr zamanı da bu özünü əyani şəkildə büruzə vermişdir. Beynəlxalq qurumlara gəldikdə, siz də onu yaxşı təhlil etdiniz. Düzdür, dediniz ki, savadınız yoxdur. Amma sizin çox gözəl siyasi təhlil imkanlarınız vardır. Yəni bu reallıqdır. Azərbaycan xalqı bilir ki, bu münaqişə ilə bağlı ədalətsizlik əvvəldən axıra qədər görünür. İndi işğalçı dövlət də bəllidir, işğala məruz qalan dövlət də. Beynəlxalq təşkilatların qərar, qətnamələri icra edilmir. İşğalçıya heç kim demir ki, işğal edilmiş torpaqlardan çəkil. Əksinə, onların havadarları müxtəlif ölkələrdə çalışırlar ki, beynəlxalq ictimaiyyətə bu məsələni tam başqa şəkildə təqdim etsinlər. Sanki Azərbaycan təcavüzkardır, ermənilər qurban. Burada müxtəlif amillər, əlbəttə ki, öz rolunu oynayır. Bu barədə danışmaq istəmirəm. Hesab edirəm ki, Azərbaycan vətəndaşları bütün bunları bilirlər. Ancaq bu onu göstərir ki, biz ancaq özümüzə güvənə bilərik və güvənirik. Azərbaycanda yaradılan bütün şərait ancaq Azərbaycan xalqının zəhməti, düşünülmüş siyasət hesabına mümkün olmuşdur. Gələcəkdə də biz ancaq özümüzə güvənməliyik. Mən xalqa güvənirəm, necə ki, xalq mənə güvənir. Əgər mən bu dəstəyi hiss etməsəydim, Azərbaycanda bu qədər işləri biz görə bilməzdik. Xalq-iqtidar birliyi bu gün reallıqdır. Mən çalışıram ki, öz fəaliyyətimdə ancaq xalqa xidmət edim. Mənim başqa amalım, məqsədim yoxdur. Bu fikirlərlə mən 11 il bundan əvvəl hakimiyyətə gəlmişəm, bu gün də bu fikirlərlə yaşayıram və ömrümün axırına qədər də bu fikirlərlə yaşayacağam. Hazırda bizim qarşımızda duran əsas problem Qarabağ problemidir. Bundan vacib problem yoxdur. Biz bütün səyləri bu istiqamətə yönəltmişik. Bizim addımlarımızın təməlində, məqsədlərimizin mərkəzində bu məsələdir. O cümlədən Azərbaycanın inkişafı, qüdrətlənməsi, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi məsələnin həllini yaxınlaşdırır. Bu gün erməni tərəfi hələ də hesab edir ki, bu məsələni uzada bilər. Yaxın zamanlarda başa düşəcəkdir ki, bu məsələ uzana bilməz. Düzdür, məsələ 20 ildir ki, uzanır. Nəyə görə? Çünki beynəlxalq ictimaiyyət bu məsələ ilə məşğul olmur. Vasitəçilər sadəcə olaraq nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyirlər. Bizə deyirlər ki, müharibə etməyin, sülh yolu ilə həll edin. Çağırışlar edilir. Böyük dövlətlərin başçıları açıq bəyanatlar verirlər ki, müharibə olmasın. Yaxşı, biz də istəmirik müharibə olsun. Amma gəlin, bunu həll edin. Bu sizin imkanınızdadır. Ermənistan asılı bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz. Bu asılı dövlətə deyilə bilər ki, çəkil bu torpaqlardan. Bu nahaq işdir. Sən beynəlxalq hüququ, ədaləti pozursan. Amma deyilmir. Deyilir ki, gedin razılaşın. Amma necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq istəmirlər. Ona görə iki yol qalır: ya hərb yolu, ya da danışıqlar yolu. Danışıqlar yolu nəticə vermir. Hələ ki, müəyyən ümidlər var və yaxın vaxtlarda bəzi görüşlər nəzərdə tutulur. Baxarıq, görərik vəziyyət necədir. Ancaq ermənilər bilməlidirlər ki, bu məsələ belə davam edə bilməz. Azərbaycan xalqının səbri artıq tükənir. Bizim imkanımız, bizim güclü ordumuz vardır. Cəmiyyətdə çox gözəl ab-hava, vətənpərvərlik ruhu vardır. Mən deyirəm, yüzlərlə gənc indi cəbhə bölgəsində əməliyyatlarda könüllü kimi gedib iştirak etmək istəyir. Ehtiyac yoxdur. Ordumuz vardır. Ordumuz öz vəzifə borcunu layiqincə yerinə yetirir. Amma bu, cəmiyyətin duyğularını, vəziyyətini göstərir. Bu gün Azərbaycan vətəndaşları fəxr edirlər ki, Azərbaycan dövlətində yaşayırlar. Bu dövlətin vətəndaşlarıdırlar. Çünki Azərbaycan müstəqil siyasət aparır. Bu siyasətin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Xalqın maraqları hər şeydən üstündür. Biz bu siyasəti bütün istiqamətlər üzrə davam etdirəcəyik. O cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki işlər görülür. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillər, evlər verilir. Artıq minlərlə ev verilmişdir. Hələ növbədə dayananlar vardır, hesab edirəm ki, iki-üç ilə bu məsələni də tam şəkildə həll edəcəyik. Eyni zamanda, veteranlara minik maşınlarının verilməsi prosesi də artıq başa çatır. Bu il yəqin ki, başa çatacaqdır. Biz onları dövlət hesabına minik maşınları ilə tam təmin edəcəyik. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, dövlət əlbəttə, öz siyasətini aparır və aparacaqdır. Ancaq bütün qurumlarda, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır. Burada Ağdam rayonundakı bütün aidiyyəti qurumlara, həm dövlət, həm də özəl qurumlara öz göstərişimi verirəm. Veteranların işlə təmin edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə, ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, Vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır. Həm ikitərəfli münasibətlərdə, xarici siyasətdə, eyni zamanda, ölkə daxilində hər şey ədalətli olmalıdır. Azərbaycan kimi ölkədə, bizim cəmiyyətdə heç nəyi gizlətmək mümkün deyil. Xalq hər şeyi görür, hər şeyə də öz qiymətini verir. Ona görə ədalət hər bir yerdə, xüsusilə müharibə veteranlarına olan münasibətdə əsas prinsip olmalıdır. Hesab edirəm ki, bu sahədə bütün qurumlar daha da diqqətli olacaqlar. Çünki bu, ədalətlidir. Eyni zamanda, veteranlarımız bizim böyük döyüş rezervimizdir. Onların döyüş təcrübəsi, bilikləri, peşəkarlığı var. Əgər buna ehtiyac olarsa, əlbəttə, səfərbərlik də elan oluna bilər və onda bizim veteranlarımız bu işlərə qoşula bilərlər. Hələ ki, buna ehtiyac yoxdur. Ona görə yenə də demək istəyirəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz səylərimizi artıracağıq və bu səylər müxtəlif istiqamətlər üzrə gedir: daxili siyasət, iqtisadi güc, hərbi güc, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi. Bu gün dünya artıq bilir ki, bu münaqişənin səbəbkarı kimdir və nəticəsi necə olmalıdır. Bir daha demək istəyirəm, əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir ölkə tərəfindən şübhə altına qoyulmur və əsas prinsipdir. Bütün ölkələr, hətta Ermənistanla çox yaxın təmaslarda olan ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bu, çox vacibdir, beynəlxalq hüquqdur və münaqişənin həlli üçün əsas çərçivədir. Son hadisələr zamanı biz itki vermişik. Hər bir vətəndaşın, əsgərin itkisi bizim üçün çox böyük faciədir. Amma qarşı tərəf daha böyük itkilər verib. Bununla bərabər, beynəlxalq aləm də gördü ki, bu, dondurulmuş münaqişə deyil. Çünki bir çoxları bunu dondurulmuş münaqişə kimi qələmə verirlər: bəli, getsinlər Ermənistan və Azərbaycanla danışsınlar. Danışsalar yaxşı olar, danışmasalar da pis olmaz. Budur beynəlxalq təşkilatların əsas mövqeyi. Ancaq bu hadisə göstərir ki, bu, dondurulmuş münaqişə deyil və Ermənistanın havadarları - onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o cümlədən erməni diasporu - onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə, torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər. Çünki bu gün artıq bizim qabağımızda tab gətirə bilmir. Təsəvvür edin ki, 5 il, 10 il keçəndən sonra, əgər münaqişə davam edərsə, onların vəziyyəti necə olacaq? İndi Ermənistanda kütləvi köç başlayır. Mən bu gün təmas xəttində də bu barədə dedim. İndi, bu hadisələr baş verəndən sonra Ermənistanı minlərlə erməni tərk edir. Qorxurlar ki, yenidən burada müharibə başlayar və o zaman onların vəziyyəti çox ağır ola bilər. Ona görə onlar da bu vəziyyəti dərk etməli, reallıqları anlamalıdırlar ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz həmişə Dağlıq Qarabağ münaqişəsini prioritet kimi saxlayacağıq. İndi Azərbaycanın gücü var ki, öz torpağını hərbi yolla azad etsin. Düşmənə elə zərbə endirsin ki, o, heç özünə gələ bilməsin. Bu məsələni özləri həll etsələr, onlar üçün də yaxşı olacaq. Çünki bu məsələ onlar üçün də böyük problemdir. Nə qədər ki, münaqişə həll olunmayıb, onlar iqtisadi cəhətdən inkişaf edə bilməzlər. Biz isə bütün istiqamətlər üzrə planlı şəkildə öz siyasətimizi aparırıq, ölkəmizi gücləndiririk. Bir də demək istəyirəm ki, ölkəmizin gücü həm iqtisadi, həm də siyasi gücdür. Əsas güc xalqımızın gücüdür, sizin kimi vətəndaşların vətənpərvərliyidir. Sizinlə fəxr edirik ki, belə gözəl sözlər deyirsiniz. Daha kimin sözü var? Baxşeyiş HƏTƏMOV: Hörmətli Prezident, Siz bütün xalqımızın sevimlisisiniz, hər bir Azərbaycan vətəndaşının prezidentisiniz. Əminik ki, yaxın günlərdə Vətən həsrətindən, yurd yanğısından ürəyi atlanıb doğma atalarının, babalarının məzarlarını ziyarətə gedərkən girov götürülmüş Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və orada şəhid olmuş Həsən Həsənovun nəşinin geri qaytarılması üçün böyük işlər görəcək və Azərbaycan xalqını sevindirəcəksiniz. Buna bütün xalqımız əmindir. Prezident İlham ƏLİYEV: Biz çalışacağıq ki, bu məsələ də öz həllini tapsın. Əvvəllər də belə hadisələr olub və hər dəfə Azərbaycan öz imkanlarını göstərərək vətəndaşlarını geri qaytarıb. Nə qədər çətin olsa da, biz bunu etmişik. Bildiyiniz kimi, Ramil Səfərovu da Vətənə qaytarmışıq. Baxmayaraq siz də yaxşı bilirsiniz ki, bundan sonra bizə qarşı nə qədər təzyiqlər başlamışdır. Mən, düzü, bunu gözləyirdim, amma bu dərəcədə gözləmirdim. Çünki bu təzyiqlərin heç bir əsası yox idi. Birincisi, mən o vaxt demişəm və bu gün də demək istəyirəm ki, Azərbaycan öz zabitini vətənə qaytarıb, vəssalam. Kim nə deyir-desin, məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik. İkincisi, biz heç bir qanunu pozmamışıq. Hər şeyi ədalətli etmişik. O, ekstradisiya edilib, yəni vətənə qaytarılıb və mən burada dərhal onu əfv etdim. Bu, mənim konstitusion hüququmdur. Ona görə burada ittihamlara, təzyiqlərə ümumiyyətlə yer qalmır. Üçüncüsü, Ramil Səfərov özü işğaldan əziyyət çəkmiş, yaxınlarını itirmiş bir insandır. Onun doğulduğu şəhər işğal altındadır və o, 8 ildən çox cəza çəkib. Ona görə hər şey ədalətli idi və o qayıdıb Azərbaycanda yaşayır, orduda xidmət edir. Budur, bizim yanaşmamız. Ona görə, əlbəttə, biz çalışacağıq ki, bu məsələ də həll olunsun. Mən dəfələrlə demişəm, dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var. O dövlət ki, heç vaxt öz vətəndaşını darda qoymaz. Biz bütün məsələləri həll etmək üçün çalışırıq və çalışacağıq. Sizi bir daha ürəkdən salamlayıram. Sizinlə görüşmək həmişə mənim üçün xoşdur. Burada bizim görkəmli incəsənət xadimləri əyləşmişlər. Onlarla da müxtəlif tədbirlərdə, o cümlədən Ağdam rayonunda görüşlərim olur. Sizə də öz hörmətimi çatdırmaq istəyirəm. Sağ olun. X X X Görüşdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri və incəsənət xadimləri göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. X X X Sonda xatirə şəkli çəkdirildi.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi