|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
Fransa Senatının üzvü xanım Natali Quli Beyləqan rayonu ərazisində Xocavəndli məcburi köçkünlərlə görüşmüşdür Fransa Senatının Azərbaycanda səfərdə olan üzvü xanım Natali Quli xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsinə səfər etmişdir.
Burada qonaqları qarşılayan Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonağa məlumat vermiş, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açmışdır. Bildirmişdir ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərfindən işğal olunmuşdur. Xocavəndli məcburi köçkünlər üçün 4 qəsəbə salınmış, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır. O, təəssüflə qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Qonaqlar Xocavənd rayonunun Qaradağlı kənd sakini Sevil Əzimovanın mənzilində olmuş, çay süfrəsi arxasında söhbət etmişlər. Məcburi köçkün S.Əzimova Fransa Senatının üzvünə demişdir: “Ermənilər bizi öz yurdumuzdan, evimizdən didərgin salıb, 2 oğlum, qohumlarım ermənilər tərəfindən qətlə yetirilib. Ermənilər kəndimizin 77 sakinini bir gündə qətlə yetirmişlər. Biz doğma torpaqlarımızda yaşamaq istəyirik. Xahiş edirik haqq səsimizi dünyaya çatdırasınız”. Azərbaycana ikinci dəfə səfər etdiyini xatırladan Natali Quli demişdir ki, məqsədi qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaqdır: “Mən sizi başa düşürəm. Sizə qarşı olan ədalətsizlik dözülməzdir. Əldə etdiyim məlumatlar haqqında Fransa Senatına və Prezidentinə məktub göndərmişəm, Senatda çıxış etmişəm. Qarabağ məsələsində Azərbaycan haqlıdır. Sizin hüquqlar dünya səviyyəsində tanınır”. Sonra qonaqlar Salakətin kənd orta məktəbinə gələrək buradakı şəraitlə tanış olmuşlar. N.Quli müəllim və şagirdlərlə söhbət etmiş, onların fikirləri, istəkləri ilə maraqlanmışdır. Qonaq milliyyətcə erməni olan Jenya Zeynalova (Yesayan) ilə də görüşüb söhbət etmişdir. 72 yaşlı erməni qadını 1959-cu ildə azərbaycanlı Cavanşir Zeynalovla ailə qurduğunu, 4 övladı, 12 nəvəsi, 4 nəticəsi olduğunu, burada hamının ona hörmətlə yanaşdığını, 3 övladına ev verildiyini bildirmişdir. Daha sonra qonaq uşaq baxçasında, mərkəzi rayon xəstəxanasında və mədəniyyət evində olmuşdur. Qonağı ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işçiləri müşayiət etmişlər. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||