BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir. 12.9.2017
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov sentyabrın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul etmişdir.
Görüşdə 2017-ci il 2-6 oktyabr tarixlərində Cenevrədə keçiriləcək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci növbəti sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirakı və səfərlə bağlı digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.
Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına geriyə qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən Furio de Angelis kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın bir sıra işlərdə yaxından iştirak etmək, o cümlədən Cocuq Mərcanlıdan olan məcburi köçkünlər arasında müştərək qiymətləndirmənin keçirilməsini həyata keçirmək istədiklərini bildirib.
Əli Həsənov vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələr daha da inkişaf edir. O, bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olubdur. Bu gün Cocuq Mərcanlı sakinləri arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanması kimi layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı.
Bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilən görüşdə bütün bunlar barədə ətraflı söhbət açılmış, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az