Dövlətqaçqınkom tərəfindən məcburi köçkünlərin müxtəlif problemlərinin həllinə hesablanmış daha bir mühüm addım 3.4.2018
Dövlətqaçqınkom tərəfindən məcburi köçkünlərin müxtəlif problemlərinin həllinə hesablanmış daha bir mühüm addım
Bu gün Azərbaycanda dövlət başçısının rəhbərliyi altında ölkə vətəndaşlarının, o cümlədən sosial qayğıya daha çox ehtiyacı olan qaçqın və məcburi köçkün soydaşlarımızın rifahının davamlı şəkildə yaxşılaşdırılması istiqamətində atılan addımlar, görülən işlər Azərbaycan dövlətinin siyasətini, dövlət başçısının bu sahəyə gündəlik diqqət və qayğısını özündə əks etdirməklə bu vacib sahənin Azərbaycan dövləti üçün bu gün də prioritet olaraq qaldığını təsdiqləyir. Məcburi köçkünlərin bir qisminin uzun illər ağır vəziyyətdə məskunlaşdıqları müvəqqəti yaşayış yerlərindən bütün sosial-texniki infrastrukturu ilə birlikdə müasir tələblər səviyyəsində inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları komplekslərinə köçürülmələri, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı fərman və sərəncamların imzalanması dövlətin və dövlət başçısının bu sahəyə gündəlik diqqətinin təzahürüdür.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Torpaqlarımızın işğaldan azad edilməsinin, məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasının, buna qədər isə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu daim önə çəkən dövlətimizin başçısı bu təbəqədən olan soydaşlarımızın problemlərinin, onları narahat edən məsələlərin həlli məqsədilə qarşıya konkret vəzifələr qoyur. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıq və tövsiyyələr müvafiq qurumlar tərəfindən vaxtından əvvəl və yüksək səviyyədə yerinə yetirilir.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş dövlət siyasətinin olduqca mühüm əhəmiyyət kəsb edən ən vacib faktorlarından biri də ölkəmizin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında daim fəal rol oynayan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dövlət başçısının müvafiq sərəncamı ilə Birinci vitse-prezident təyin edilməsidir. Belə ki, artıq ölkənin Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva da bu sahədə daha fəal və yaxından iştirak etməklə bu təbəqədən olan soydaşlarımızın sosial problemlərinin həllini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi bəyan edərək bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ötən il martın 9-da ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin qəzalı binalardan köçürülməsinə həsr etməsi deyilənlərin bariz nümunəsidir.
Mehriban xanım Əliyeva müşavirədəki çıxışında bu günkü reallığı əsas gətirərək görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşadığını önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmasının vacibliyini deyib. Çıxış yolu kimi Birinci vitse-prezident bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Elə müşavirədən dərhal sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması» layihəsinin icrası çərçivəsində işlərə başlanıldı və bu işlər mərhələli şəkildə bu gün də uğurla davam etdirilir.
Həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Heydər Əliyev Fondunun vəsaiti hesabına Xətai rayonu ərazisində yeni binalar alınmış və Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq Dövlətqaçqınkomun müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən 461 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi prosesi müvəffəqqiyyətlə başa çatdırılmışdır.
Köçürülmə prosesi başa çatdıqdan sonra yeni binalara köçürülmüş məcburi köçkünlərin müvəqqəti qeydiyyatları müxtəlif şəhər və rayonlarda olduğu, həmçinin bəzi məcburi köçkünlərin «məcburi köçkün» vəsiqələrinin olmadığı, onların yeni yaşayış sahələri üzrə müvəqqəti qeydiyyata götürülməsi və digər bu kimi çoxsaylı məsələlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun müvafiq əmri ilə komissiya yaradılmışdır. Dövlətqaçqınkomun aidiyyatı struktur bölmələrinin məsul əməkdaşlarının tərkibinə daxil edildiyi komissiyaya yeni binalara köçürülmüş məcburi köçkünlərin qeydiyyatının təmin edilməsi məqsədilə qısa vaxt ərzində onların əvvəllər müvəqqəti qeydiyyatda olduqları rayonların icra hakimiyyətlərini və Komitənin bütün rayonlar üzrə sektorlarını da bu işə cəlb etməklə qeydiyyat kartlarının alınmasını, eyni zamanda həmin kartların Xətai rayon sektoru tərəfindən yerində təsdiq edilməsini, həmin məcburi köçkün ailələrinin elektron formada və təsdiq edilmiş qaydada adlı siyahılarının dəqiqləşdirilməsini və Komitəyə təqdim olunmasını, məcburi köçkünlərin vəsiqələrlə təmin edilməsini və digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılmışdır ki, bütün bunlar da məcburi köçkünləri narahat edən məsələlərin vaxtında həllinə və onların bu qayğılardan azad edilməsinə, rahatlıqlarının təmin olunmasına yönəldilmiş vacib addımlardandır.
Komissiyanın fəaliyyəti və qarşısında duran vəzifələrlə bağlı müraciətimizə cavab olaraq komissiyanın rəhbəri Regional İdarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin müdiri Cövdət Mehdixanlı da bildirdi ki, məcburi köçkünlərimiz daim dövlətin və şəxsən cənab Prezidentin hər zaman diqqət və qayğısı ilə əhatə olunmuşlar. Həmişə, hər an onların bütün problemlərinə çox həssaslıqla və operativ şəkildə yanaşılmış, eyni zamanda bu istiqamətdə bir yenilik kimi baş tutan bu tədbiri onların müxtəlif problem və qayğılardan azad edilməsinə hesablanmış addımların bir hissəsi hesab etmək olar.
Belə ki, konkret olaraq bu kompakt məskunlaşma obyektində Vahid Pəncərə Sisteminin tətbiq edilməsi və məcburi köçkünlərin ASAN şəkildə sənədləşmə işinin aparılması və paralel olaraq qeydiyyat kartlarının açılması, kommunal xidmət təşkilatlarındakı xidmət kartlarınnı onların adına yerindəcə rəsmiləşdirilməsi, məcburi köçkün vəsiqəsi ilə təmin olunmayan məcburi köçkünlərə yeni vəsiqələrin hazırlanması işləri komissiya üzvləri tərəfindən operativ şəkildə icra olunmuşdur. Bundan sonra da işlərin səmərəliliyinin artırılması məqsədi ilə Komitə rəhbərliyi tərəfindən komissiya üzvlərinə digər kompakt məskunlaşma yerlərində də bu cür tədbirlərin keçirilməsi tapşırılmışdır.
Elə bunlara görədir ki, qeyd olunan məsələlərlə bağlı, bir-birinin ardınca Komissiya üzvlərinin çalışdığı qərargaha müraciət edən və məsələlərinin yerindəcə həll olunduğundan razılıqlarını bildirən məcburi köçkünlər də Dövlətqaçqınkomun bu təşəbbüsünü dövlət başçısının onlara qayğısı kimi dəyərləndiriblər.
Könül İbrahimova - Biz indiyədək Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında məskunlaşmışdıq. Bu illər ərzində nələr çəkdiyimizi heç kəsə arzulamıram. Bu gün isə cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın biz məcburi köçkünlərə qayğısı sayəsində hərtərəfli şəraitlə təmin edilmiş və çoxdan arzusunda olduğumuz belə bir binada yaşayırıq. Mənzil problemimiz öz həllini tapıb. Dövlətqaçqınkomun bu təşəbbüsü isə bizi bir çox qayğılardan azad edib. Çünki əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmaq, burada qeydiyyata düşmək üçün Binəqədi-Xətai rayonları arasındakı get-gəllərdən canımız qurtarıb. Buna imkan və vaxtımız da yoxdur. Mən bu məsələ ilə bağlı komissiyaya müraciət etdim, olduqca səmimi və xoş münasibətlə rastlaşdım. Müraciətim diqqətlə dinlənildi və yerindəcə özünün müsbət həllini tapdı. Bütün bunlara görə əməyi olanların hər birinə minnətdarlığımı bildirirəm.
Anar Muradov - Bu yeni binada ailə tərkibinə uyğun olaraq 2 otaqlı mənzillə təmin olunmuşam. Biz məcburi köçkünlərə cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müntəzəm diqqət və qayğısını öz ailəmizin real həyatında duyub yaşayırıq. Bütün bunlara görə onu da yaxından duyub hiss edirik ki, bizim sahibimiz - hər bir vətəndaşının qayğısına qalan dünya şöhrətli Prezidentimiz var. Məhz onun tapşırıq və tövsiyyələri ilə həyata keçirilən hər bir təşəbbüs bizim vəziyyətimizin yaxşılaşdırılmasına, narahatlıq yaradan problemlərimizin aradan qaldırılmasına yönəlib. Dövlətqaçqınkomun bu təşəbbüsü isə bizi bir çox problemlərdən azad etdi. Düzü, neçə gündür ki, işimdən aralanıb yeni qeydiyyat kartı açdırmağa, həmçinin kommunal xidmət kartlarının adıma rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri düzəltməyə, toplamağa vaxt tapa bilmirdim. Ancaq Komitənin əməkdaşlarının burada şənbə və bazar günləri də daxil olmaqla fasiləsiz çalışmaları və bizim müraciətləri vaxt itirmədən qısa müddətdə yerindəcə müvafiq qaydalar çərçivəsində həll etmələri təkcə mənim yox, bax burada müxtəlif məsələlərlə bağlı müraciət edən hər bir məcburi köçkünün ürəyincədir.
Rafiq Cavadov - Bu gün biz məcburi köçkünlərin himayədarı cənab Prezidentin rəhbərliyi altında bütün problemlərimizin həlli istiqamətində atılan addımları, görülən işləri miqyasına görə dəyərləndirdikdə bir daha əmin olursan ki, doğrudan da bu ölkə humanist dəyərləri özündə cəmləşdirərək humanizm ideyalarına sadiqliyini qoruyub inkişaf etdirməkdədir. Erməni təcavüzü nəticəsində üzləşdiyimiz çətinliklərin aradan qaldırılmasında humanizm siyasətinə sadiqliyini nümayiş etdirən cənab Prezidentimiz bizim vəziyyətimizin yaxşılaşdırılması, problemlərimizin həlli istiqamətində nə lazımdırsa, onu da edir. Bu isə bizdə gələcəyə böyük inam yaradır. Biz məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində atılan addımlar, görülən və görülməkdə olan işlər göz önündədir. Mənim də yeni mənzillə təmin olunduğum bu binada məskunlaşan bütün məcburi köçkünlər bunlardan razılıqlarını ifadə etməklə minnətdarlıqlarını bildirirlər.
Qısa müddətdir ki, buraya köçürülmüşük. Təbii ki, yeni yaşayış yerində yeni qaydalara uyğun qeydiyyatdan çıxma, yeni qeydiyyat üçün müvafiq sənədlər, ərizə formaları və sair tələb olunur. Bunları isə toplamaq üçün köhnə məskunlaşma yerinə, hətta qeydiyyatda olduğumuz digər şəhər və rayonlara gedib-gəlmək tələb olunurdu. Lakin Dövlətqaçqınkomun sədrinin imzaladığı əmrə uyğun yaradılmış komissiya bizi bütün bu problemlərdən azad etdi və biz bütün məsələlərimizi yaradılmış komissiya vasitəsilə yerindəcə həll etdik. Bunlara görə də cənab Prezidentə və Dövlətqaçqınkomun rəhbərliyinə minnətdarlıqlarımızı bildiririk.
Söhbət etdiyimiz digər məcburi köçkünlər də Dövlətqaçqınkomun bu təşəbbüsünü yüksək qiymətləndirməklə bütün bunlara görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək qarşıdan gələn Prezident seçkilərində yekdilliklə Ona səs verəcəklərini birmənalı şəkildə bəyan etməklə vurğuladılar ki, cənab İlham Əliyevin yeritdiyi siyasət, qətiyyətli və prinsipial mövqe ürəyimizcədir. Ona görə də biz dövlət başçısına inanırıq. İnanırıq ki, doğma Qarabağımız, işğal altında olan bütün torpaqlarımız onun yeritdiyi müdrik siyasət nəticəsində tezliklə işğaldan azad olunacaqdır. Buna qədər isə biz məcburi köçkünlərə bu cür qayğı və diqqət göstərdiyinə, bizə bu cür rahat həyat bəxş etdiyinə görə bütün məcburi köçkünlər adından minnətdarlığımızı bildiririk.
Bütün bu deyilənlər, Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün həyata keçirdiyi və ölkə ictimaiyyəti, həmçinin beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən, dünyada oxşar problemi yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilən bu tədbirlər özlüyündə bir daha təsdiq edir ki, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli daim Azərbaycan dövlətinin və şəxsən dövlətimizin başçısı cənab İlham Əliyevin gündəlik diqqət mərkəzindədir.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az