Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov mətbuat konfransı keçirmişdir. 13.5.2011
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov mətbuat konfransı keçirmişdir.
2011-ci il Mayın 13-də Baş nazirin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirmişdir.
Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermiş, Azərbaycan Respublikası Prezidentinin indiyədək bununla bağlı üç Sərəncam imzaladığını diqqətə çatdırmışdır.
Ə.Həsənov Prezident İlham Əliyevin imzaladığı 2004-cü il 1 iyul tarixli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama edilmiş əlavələrin uğurla icra olunduğunu bildirmişdir. Komitə sədri məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər barədə Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamından irəli gələn məsələlər barədə də ətraflı məlumat vermişdir.
Ə.Həsənov bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.
Ə.Həsənov bu günədək qaçqın və məcburi köçkünlər üçün 3,7 milyard manat vəsait xərcləndiyini, bunun 2,1 milyard manatı dövlət büdcəsindən, 860 milyon manatı Dövlət Neft Fondundan, 740 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılan vəsait olduğunu diqqətə çatdırmışdır.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün işlərin sürətlə aparıldığını deyən Ə.Həsənov, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 552 evin istismara veriləcəyini bildirmişdir.
Hazırda Goranboy rayonundakı beşmərtəbəli doqquz binanın tikinti işləri bu il başa çatacaqdır. Həmin binalara hazırda Naftalan sanatoriyasında yaşayan məcburi köçkünlər yerləşdiriləcək və Naftalan sanatoriyası tam boşaldılacaqdır. Yaxın günlərdə Mingəçevirdə də doqquzmərtəbəli 10 binanın tikintisinə başlanacaqdır.
Komitə sədri son zamanlar bəzi qəzetlərdə Ermənistan qaçqınlarının sənədlərinin guya komitə tərəfindən yandırıldığı barədə yayılan yanlış məlumatlara da aydınlıq gətirərək qeyd etmişdir ki, Ermənistandan olan qaçqınların hamısının sənədlərinin əsli özlərində saxlanılır və heç bir sənədin yanmağından söhbət gedə bilməz.
Sonda Əli Həsənov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az