Elektron Xidmətlər
 
 
Beynəlxalq təşkilatlar

Beynəlxalq humanitar təşkilatlar, maliyyə qurumları ilə birgə həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan
LAYİHƏLƏR


1999-cu il dekabrın 6-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilmiş, məcburi köçkünlərin sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması məqsədilə Dünya Bankı tərəfindən ölkəmizə ayrılmış 10 mln. ABŞ dolları həcmində güzəştli kredit hesabına həmin Fondun xəttilə 150 mindən artıq məcburi köçkünün faydalandığı 153 müxtəflif mikrolayihələr həyata keçirilmiş və 6 min nəfərdən artıq məcburi köçkünə fiziki şəxs kimi mikro-kredit verilmişdir.

Hazırda yuxarıda göstərilən məsələlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq, Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı tərəfindən müəyyən güzəştli maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq iş aparılır.

Respublikamızda hazırda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan 72 beynəlxalq, 32 yerli humanitar təşkilatı vardır. Son illər bu təşkilatların xətti ilə həyata keçirilən layihələr əsas etibarilə inkişaf yönümlüdür və bunlar da bilavasitə təşkilatların özləri tərəfindən tərtib olunaraq həyata keçirilir.

Həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün ölkədə nümunəvi şərait yaradılmışdır. Hətta Milli Məclisin 2004-cü il 3 dekabr tarixli qərarına əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edilmiş və beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilmişdir.

Beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il tarixli Sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 mln. ABŞ dollarından çox həcmdə humanitar yardım göstərilmişdir.

Ötən 12 il ərzində beynəlxalq humanitar təşkilatlar tərəfindən 4 minədək sığınacaq tikilərək məcburi köçkün ailələri oraya köçürülmüş, həmçinin 20 min məcburi köçkünün müvəqqəti məskunlaşdıqları ictimai binalarda təmir işləri aparılmışdır.

1999-cu ildə ümummilli lider Heydər Əliyevin BMT-nin “Ümumdünya Ərzaq Proqramı” təşkilatının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadılmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əldə olunmuş razılığa əsasən İtaliyanın “ENİ” Şirkəti tərəfindən “Azərbaycan yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər” layihəsi çərçivəsində 2,2 mln. ABŞ dolları həcmində ayrılmış qrant vəsaiti hesabına 1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, “ACİP Azərbaycan” Ortaq Şirkəti, İtaliyanın “ENİ” Şirkəti və BMT QAK arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailə üçün 253 ev və sosial obyektlər, Beyləqan rayonunda 110 ailə üçün 124 ev və sosial obyektlər, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxta Körpü) 35 obada 5600 nəfər üçün su xətləri çəkilmişdir.

Asiya İnkişaf Bankı vasitəsilə Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondu hesabına maliyyələşdirilən “Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərə yardım” layihəsi çərçivəsində Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən “Contractors İnternational Company” (CİC) şirkətinin vəsaiti hesabına 100 ailəlik qəsəbə salınır.

Qeyd etmək lazımdır ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, beynəlxalq təşkilatların fəaliyyətsizliyi, münaqişəyə ikili yanaşması nəticəsində məsələnin sülh yolu ilə həlli uzandığı üçün donorlar ölkəmizə ayrılan vəsaitlərin həcmini ilbəil xeyli azaldır və bir sıra beynəlxalq humanitar təşkilatlar respublikamızı tərk edirlər. Bu, həm də Azərbaycanın son illərdə geniş iqtisadi inkişaf mərhələsinə qədəm qoyması, yoxsulluq həddinin əhali arasında xeyli azalması və rifah halının nisbətən yaxşılaşdırılması ilə əlaqədardır.

Əgər 1994-1995-ci illərdə beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatları tərəfindən həyata keçirilmiş layihələrə ildə 70-75 mln. ABŞ dolları həcmində vəsait sərf olunurdusa, 2004-cü ildə bu vəsaitin miqdarı təxminən 34 mln. ABŞ dolları olmuşdur. Lakin Dövlət Neft Fondundan ayrılmış vəsaitlər də nəzərə alınmaqla, hökumətin bu sahə üzrə ötən ildəki xərcləri isə 120 mln. ABŞ dollarına bərabərdir.

2001-ci ildə bir sıra beynəlxalq təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərilməsi proqramı dayandırılmışdır. Bu boşluq ölkə rəhbərinin müvafiq sərəncamları ilə aradan qaldırılmış və hazırda 146 min nəfər məcburi köçkün büdcə vəsaiti hesabına aylıq ərzaqla təmin edilir.

Respublikanın 23 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 135 min nəfər məcburi köçkünə aylıq ərzaq yardımı göstərən yeganə qurum – BMT-nin “Ümumdünya Ərzaq Proqramı” beynəlxalq humanitar təşkilatı da donor vəsaitinin çatışmazlığı ilə əlaqədar cari ilin əvvəlindən həmin yardımın paylanmasını dayandırmışdır. Müvəqqəti 2-3 aylıq dövlət bu problemi də öz üzərinə götürmüşdür və hazırda təşkilatın fəaliyyətinin davam etdirilməsi istiqamətində müvafiq iş aparılır.

Qaçqınların və məcburi köçkünlərin humanitar vəziyyəti hələ də mürəkkəb olduğu, onlar arasında yoxsulluq həddi yüksək olaraq qaldığı üçün bütün problemlərin həlli, şübhəsiz, beynəlxalq ictimaiyyətin, donor ölkə və maliyyə qurumlarının köməyi olmadan qeyri-mümkündür.

Beynəlxalq humanitar təşkilatlardan 7-si BMT agentliklərini, 32-si ABŞ-ı, 23-ü Avropa ölkələrini və beynəlxalq təşkilatları, 7-si isə Şərq ölkələrini təmsil edir.

Həmin təşkilatların özləri tərəfindən 2004-2006-cı illərdə müxtəlif istiqamətlər üzrə qaçqın, məcburi köçkün və aztəminatlı əhali üçün təxminən 95 milyon ABŞ dolları dəyərində müxtəlif layihələr həyata keçirilmişdir.

Hazırda 130 min nəfər məcburi köçkünə BMT-nin «Ümumdünya Ərzaq Proqramı» beynəlxalq humanitar təşkilatı tərəfindən aylıq ərzaq yardımı paylanılır. Bu proqramın müddəti ölkə başçısının xahişi ilə təşkilat tərəfindən qəbul edilmiş qərara əsasən 2008-ci ilin iyul ayınadək daha 2 il uzadılmışdır. Proqramın dəyəri 15 milyon ABŞ dolları məbləğindədir (Azərbaycan hökumətinin payı isə 3 milyon ABŞ dolları).

Yeni Dövlət Proqramına uyğun olaraq hazırda müvafiq dövlət orqanları, beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlarla birlikdə «Böyük Repatriasiya (Böyük Qayıdış)» proqramının layihəsinin hazırlanması üzrə iş aparılır.
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az