 |
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz respublikamızın 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km. avtomobil yollarının, 348 körpünün, 7568 km. su və 76940 km. elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.
|
 |
Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. İran və Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya və Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salındılar.
|
|
Nə qədər ki, dünyada müharibələr, təqib olunmalar, hüquqi tapdalanma və dözümsüzlük mövcuddur, qaçqınlar və məcburi köçkünlər də mövcud olacaq. Bu insanlar müxtəlif irq və dinlərə mənsubdurlar. Onlara planetin hər bir küncündə rast gəlmək olar. Məcburi köçkünlər öz həyatlarını qorumaq və azadlıq naminə, qaçqınlar isə yad bir ölkədə qeyri-müəyyən gələcək üçün çox vaxt hər şeyi - ev, mülk, ailə və vətənini atırlar. Onların acınacaqlı vəziyyəti bizim zamanənin ən böyük faciələrindən biridir, onların müqəddəratı isə insan hüquqlarını müdafiə problemi kimi hər birimizi narahat etməlidir.
|
 |
|